Pərviz Şahbazov: "Azərbaycan Türkiyəyə 85 milyard kubmetrdən çox təbii qaz ixrac edib"

Pərviz Şahbazov: "Azərbaycan Türkiyəyə 85 milyard kubmetrdən çox təbii qaz ixrac edib" Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib.
Energetika
22 Dekabr , 2021 14:23
Pərviz Şahbazov: Azərbaycan Türkiyəyə 85 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Pərviz Şahbazov

Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

“Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb", - nazir bildirib.

P. Şahbazov “STAR” Neft Emalı Zavodu, "Petkim" kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyətinə toxunaraq bildirib ki: “Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard ABŞ dollarından çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər investisiya qoyula bilər”.

Nazir Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib. P. Şahbazov təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktoru olduğu bildirilib.

Qeyd edək ki, 1-ci Enerji Forumu Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyir.

Forumdan öncə həmsədrlər arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında möhkəmlənən sıx münasibətlərdən danışılıb, energetika sahəsində əməkdaşlığın inkişafı perspektivlərindən bəhs edilib.

Son xəbərlər

Orphus sistemi