Pərviz Şahbazov: "Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-u keçə bilər"

Pərviz Şahbazov: "Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-u keçə bilər" Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 10-dan çox ola bilər.
Energetika
1 İyun , 2023 09:58
Pərviz Şahbazov: Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-u keçə bilər

Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 10-dan çox ola bilər.

"Report"un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün işə başlayan Bakı Enerji Forumunda bildirib.

"Builki forum təhlükəsiz, etibarlı enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə, xüsusən "yaşıl enerji"nin inkişafına əsaslanan yeni qlobal enerji landşaftının formalaşması ilə eyni vaxta təsadüf edir. Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir. Bunun da təxminən yarısı Avropaya tədarük ediləcək. Hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və "Həmrəylik halqası" layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər", - deyə o qeyd edib.

Nazir bildirib ki, əlavə qaz tədarükü üçün bir çox digər kompleks müəssisələr arasında Cənub Qaz Dəhlizi və "Həmrəylik halqası"nda ötürmə qabiliyyəti artırılmalıdır: "Bütün bunların baş verməsi üçün tərəfdaş ölkələrin qəti və aydın əlaqələndirilmiş fəaliyyəti zəruridir. Biz layihələri təkcə reklam baxımından deyil, həm də strateji baxımdan planlaşdırırıq. Xəzər dənizinin bütün növ enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması həmişə paralel və ardıcıl şəkildə aparılıb və aparılmalıdır. Azərbaycan özü həmişə enerji marşrutu layihələrinin əsas lokomotivi olub və bizim enerji siyasətimizin bu dəyişməz xətti bu gün də aktuallığını qoruyub saxlayır".

P. Şahbazov deyib ki, hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir: "Əsas mənbə zəngin qaz ehtiyatlarımızdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlarımız 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. "Abşeron", "Qarabağ", "Ümid", "Babək" və "Azəri-Çıraq-Günəşli" Dərin Qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi, tərəfdaşlarımıza ixrac ediləcəyi gözlənilir".

Son xəbərlər

Orphus sistemi