Azərbaycan təbii qazının Avropaya ixracını artırılması üçün bu ilin yanvar ayından tərəfdaşlarla işlərə başlanılıb.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Nazırın sözlərinə görə, bu, sadə məsələ deyil: "Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır"
P.Şahbazov Avropaya enerji ixracı məsələsinə toxunaraq qeyd edib ki, Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq: “Enerjinin bu dəhliz vasitəsi ilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya nəqlini planlaşdırırıq”.
Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə artıq təxminən 21,5 milyard kubmetr qaz ixrac edilib.
Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.