Pərviz Qasımov: “Pandemiya dövründə SOCAR-ın rəqəmsal təlim proqramları daha geniş vüsət alıb”

Pərviz Qasımov: “Pandemiya dövründə SOCAR-ın rəqəmsal təlim proqramları daha geniş vüsət alıb” Pərviz Qasımov: “Pandemiya dövründə SOCAR-ın rəqəmsal təlim proqramları daha geniş vüsət alıb”
Energetika
2003
13 İyul , 2020 19:02
Pərviz Qasımov: “Pandemiya dövründə SOCAR-ın rəqəmsal təlim proqramları daha geniş vüsət alıb”

Qloballaşan yeni dövr neft sənayesi qarşısında yeni vəzifələr və tələblər qoyur. 4-cü sənaye inqilabı, rəqəmsallaşma deyilən bu yeni dövr, müasir texnologiyaların tətbiqi, dünya enerji bazarına inteqrasiya, müasir bilik və analitik düşüncə, təşəbbüskarlığa və çevik qərarlar qəbuletmə qabiliyyətinə malik, beynəlxalq standartların tələblərinə cavab verən kadrların hazırlanması prosesinin önəmini gündəmə gətirib.

“Report” xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim və inkişaf şöbəsinin rəisi Pərviz Qasımovun şirkətdəki işlərlə bağlı məqaləsində qeyd edilib ki, SOCAR öz inkişaf strategiyasına uyğun olaraq personalının təkmilləşdirilməsinə yönəlik addımlar atmaqdadır. Belə ki, prioritet vəzifələrdən biri olaraq şirkət neft sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin və fəhlə kadrlarının hazırlanması, yenidən hazırlanması və malik olduqları peşələr üzrə peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulmasını təşkil etməkdədir. Bunun da nəticəsi olaraq, hər il minlərlə SOCAR əməkdaşı həm şirkətin daxili təlim mərkəzlərində keçirilən, həm də kənar təlim şirkətlərinin təşkil etdiyi təlimlərə cəlb olunurlar.

Pərviz Qasımov
Pərviz Qasımov

SOCAR-da həyata keçirilən İnsan Resurslarının Transformasiyası layihəsi çərçivəsində əməkdaşlarının səriştəliliklərin qiymətləndirilməsi nəticəsində yaranan boşluqların doldurulması, xətti rəhbərlərin müəyyən etdiyi istiqamətlər, yeni texnologiya və ya yeni iş proseslərinin tətbiqi, beynəlxalq standarların və qanunvericiliyin tələbləri əsasında yaranan təlim ehtiyacları toplanaraq 2020-ci il üçün İllik Təlim büdcəsi və qrafiki tərtib edilib, SOCAR rəhbərliyi tərəfindən təsdiqlənib və buna müvafiq təlimlərin təşkilinə başlanılıb.

Təlimlərin kütləviliyi və maraq. Pandemiyanın təsiri

İlin ilk 3 ayı ərzində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Təlim Mərkəzlərində 1 800-dən çox SOCAR əməkdaşı üçün müxtəlif təlimlər təşkil edilib. Həmçinin 2020-ci ilin müvafiq dövrü üzrə 100-dən çox SOCAR əməkdaşı kənar təlim təşkilatları tərəfindən keçirilmiş təlimlərdə iştirak edib.

2020-ci ilin mart-aprel aylarından etibarən Azərbaycan Respublikasında COVID-19 pandemiyası ilə əlaqədar ümumi karantin rejimi elan edilmiş və auditoriya şəraitində tədrislərin təşkili qadağan olunmuşdur. Bu səbəblə öyrənmənin və tədrisin davamlılığını təmin etmək, həmçinin əməkdaşların maarifləndirilmək və şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə SOCAR çevik addımlar ataraq onlayn şəkildə təlimlərin (vebinarlar) həyata keçirilməsinə start vermişdir. Təlim-tədris fəaliyətimizin bir qolu olan onlayn təlimlər daha da şaxələndirilmiş və əhəmiyyəti bir daha önə çıxmışdır.

Pandemiya dövründə yaranmış mövcud vəziyyət və şərtlər nəzərə alınaraq şirkət əməkdaşlarına və xətti rəhbərlərə mövcüd 2020-ci il təlim ehtiyaclarının prioritetləşdirilməsi məqsədi ilə yenidən sorğu göndərilmiş, yığılan məlumatlar təhlil edilmiş, təlim ehtiyaclarına uyğun olaraq şirkətin təlimçiləri hesabına təqvim tərtib edildi və vebinarların təşkilinə başlanıldı. Daxili təlimçilər olaraq SOCAR-ın Xarici Təqaüd Proqramı ilə Kardiff, Lorraine, İst Anqliya, Lester Universitetləri kimi dünyanın nüfuzlu təhsil mərkəzlərində təhsil almış, təqdim etdikləri təlim istiqamətləri üzrə beynəlxalq sertifikatlara malik SOCAR əməkdaşları iştirak edirlər.

Təlimlərin distant şəkildə təşkili onların səmərəliliyini artıraraq, daha geniş vüsət almasına şərait yaratdı. Nəticədə biz pandemiya dövründə təlimlərin keçirilməsi ilə bağlı yaranan çətinlikləri bir növ üstünlüyə çevirə bilirik. 2019-cu ilin ilk 6 ayı ayı ərzində biz 4 800-ə yaxın SOCAR əməkdaşını təlimlərə cəlb edə bilmişdik. Lakin indi, 2020-ci ildə yaşanan pandemiya dövründə, təkcə son 3 ayda onlayn təlimlərimizdə (Aprel, Mart və İyun aylarında) artıq 5 750 nəfər iştirakçı sayı əldə etmişik. 2020-ci ilin ilk 6 ayı ərzində isə təlimlərə cəlb edilmiş dinləyicilərin sayı 7 600 nəfəri ötüb, yəni ötən ildəkindən 63% çox olmuşdur.

Bundan başqa, daha bir uğurlu addım isə daxili təlimçilərin müəyyən edilməsi və onların bu işlərə cəlb edilməsidir. Bunun üçün təlim ekspertləri tərəfindən daxili təlimçiliyə namizədlər müsahibə edilməkdə, təklif etdikləri təlimin təlim ehtiyaclarına uyğunluğu, təlim kontenti, təlim materialları və s. nüansların təhlili nəticəsində artıq onlarla daxili təlimçidən ibarət daxili təlimçi bazamız formalaşdırılmışdır.

Qeyd etdiyim kimi pandemiya dövrü ərzində 5 750 nəfər SOCAR əməkdaşının iştirak etdiyi 68 təlim üzrə 107 təlim sessiyası (vebinar) təşkil edilmişdir. Təlimlər 5 kateqoriya üzrə: texniki səriştəliliklər, İT bilikləri, davranış və İdarəetmə bacarıqları, əməyin mühafizəsi və texniki təhlükəsizlik, dil bilikləri üzrə formalaşdırılmaqdadır. Başqa bir maraqlı nüans isə 75 təlim sessiyası üzrə 38 adda vebinar izlənildikdən və müvafiq mütəxəssislər tərəfindən montaj edildikdən sonra elektron təlim halına salınaraq gələcəkdə əməkdaşların istifadəsi üçün SAP LSO portalında yerləşdiriləcəkdir.

Vebinarlar əvvəlcədən şirkətin korporativ elektron poçtu ilə bütün əməkdaşlara dəvət göndərilməklə gün ərzində 4-5 sessiya şəklində təşkil edilir. İştirak etdikləri təlimlərə uyğun olaraq elektron testdə iştirak edən və test nəticəsi 60%-dən yuxarı olan əməkdaşlara SOCAR tərəfindən müvafiq sertifikatlar təqdim edilir.

Davamlı olaraq təşkil olunan təlimlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə vebinarlar bitdikdən sonra əməkdaşlar təlim effektivliyinin qiymətləndirilməsi ilə bağlı sorğuda iştirak edirlər. Bu günədək təhlil edilmiş sorğu nəticələrinə əsasən SOCAR əməkdaşlarının vebinarlarla əlaqədar ümumi məmnuniyyət göstəricisi 91% təşkil etməkdədir.

Gələcək planlar

SOCAR əməkdaşlarının cari il üzrə təlim ehtiyaclarının qarşılanması və pandemiya dövründə yuxarıda qeyd etdiyimiz kimi tədrisin davamlılığının saxlanılması məqsədi ilə iyul ayı üzrə də vebinar və onlayn təlimlərin qrafiki hazırlanmış və müvafiq platformalara yerləşdirilmişdir. İyul ayı ərzində daha 70 vebinarın təşkili və bu onlayn təlimlərə 3 000-ə yaxın əməkdaşın cəlb edilməsi planlaşdırılır.

Növbəti 6 ay üzrə təşkil olunan vebinarların sayının daha da artırılması, daxili təlimçilər bazasının genişləndirilməsi, elmi texniki yeniliklərin, biznesə müasir yanaşmaların şirkət əməkdaşlara aşılanması üçün kənar vendorların, təlimçilərin və tanınmış ekspertlərin onlayn təlim proseslərinə cəlb olunmasını daha da artırmaq, elektron təlimlərə şirkət əməkdaşlarının əlçatanlığını təmin etmək üçün daxili proqram təminatında kütləvi olaraq yerləşdirilməsinin təşkili, təlimlərin keyfiyyətinin daha da artırılması istiqamətdə işlərimiz davam etdiriləcəkdir.