Pərviz Şahbazov: “Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq”

Pərviz Şahbazov: “Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq” Yaxın müddətdə İğdır-Naxçıvan boru kəmərinin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacaq.
Energetika
30 Mart , 2023 13:17
Pərviz Şahbazov: “Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq”

Yaxın müddətdə İğdır-Naxçıvan boru kəmərinin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacaq.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə keçirilən görüşdə bildirib.

Görüşdə Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük gücünün artırılması, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin borularla nəqletmə operatoru olan (BOTAŞ), “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. 

Həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə də bu ölkə vasitəsilə "yaşıl enerji"nin Avropaya tədarükü istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün iki ölkə arasında enerji sahəsində müvafiq sənədin imzalanmasının vacibliyi qeyd edilib.

Nazir Türkiyədə baş vermiş faciədən kədərləndiyini və Azərbaycanın qardaş ölkənin hər zaman yanında olduğunu bildirib.

Xatırladaq ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan MR-ə təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır, iki ölkənin şirkətlərinin təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri illik 500 milyon, gündəlikisə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Son xəbərlər

Orphus sistemi