Ötən rüb “Şahdəniz” qazının ixracı 27 % artıb
- 05 may, 2022
- 09:18
Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 57 milyon barel neft və kondensat ixrac edib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Hesabata görə, bu, 2021-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 3 milyon barel və ya 5 % azdır.
Rüb ərzində o cümlədən 51 milyon barelə yaxın neft Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 1 milyon barel və ya 1,9 % azdır.
Bu ilin birinci rübündə 6 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon barel və ya 25 % azdır.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 71 milyon kubmetrdən çox (təqribən 2 milyard 500 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15 milyon kubmetr və ya 26,8 % çoxdur.
Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminalından əsasən Cənubi Qafqaz Boru Kəməri, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.