Ötən rüb “Şahdəniz-2"nin qərb-cənub cinahında hasilata başlanıb

Energetika
  • 03 noyabr, 2022
  • 10:47
Ötən rüb “Şahdəniz-2nin qərb-cənub cinahında hasilata başlanıb

Bu ilin üçüncü rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanıb.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rübün yekunu üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, üçüncü rübdə həmçinin şərq-şimal cinahında sualtı quraşdırma işlərinə başlanılıb və burada ilk sualtı elastik kabel uğurla quraşdırılıb.

“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz-2” layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Ötən rüb “Şahdəniz Alfa” platformasında planlaşdırılmış profilaktik işlər üzrə proqram həyata keçirilib, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam edib.

Qeyd edık ki, bu il “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Qeyd edək ki, layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (6,67 %), SOCAR (14,35 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.