Ötən il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 1,5 % artıb

Energetika
  • 29 yanvar, 2024
  • 07:46
Ötən il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 1,5 % artıb

Ötən ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228,811 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci illə müqayisədə 3,366 milyon barel və yaxud 1,49 % çoxdur.

2023-cü ilin dekabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,439 milyon barel neft nəql edilib. Məlumata görə, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 272 min barel və yaxud 1,42 % çoxdur.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.