Ötən il SOCAR Ukraynaya 45 min ton benzin idxal edib
- 10 yanvar, 2022
- 12:25
2021-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 45 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bununla da Azərbaycan şirkəti Ukraynaya avtomobil benzini idxal edən tədarükçülərin siyahısında ilk onluğa daxil olub.
Azərbaycan şirkəti avtomobil benzinini əsasən Litvadan idxal edib.
2021-ci il ərzində Ukraynaya ümumilikdə 1 milyon 280 min ton avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 16,5 % çoxdur. 2020-ci il ərzində Ukrayna ümumilikdə 1 milyon 99 min avtomobil benzini idxal edib.
2021-ci ildə Belarus neft emalı zavodları benzin tədarükünü 17 % və ya 146,5 min ton artıraraq 1 milyon tona çatdırıb və bununla da benzin idxalında öz payını ötənilki səviyyədə - 78 %-də saxlayıb.
2021-ci il ərzində Ukraynaya Belarus yanacağının ən böyük tədarük həcmi ilin ikinci yarısında müşahidə olunub. Belə ki, avqustda 129 min ton, sentyabrda 118 min ton, oktyabr və dekabrda hər biri 123 min ton idxal edilib. Digər aylarda isə tədarük edilən yanacağın həcmi 70-100 min arasında dəyişib.
Ötən il ərzində Litvadan Ukraynaya ümumilkdə 262 min ton benzin idxal edilib ki, bu da illik müqayisədə 10 % çoxdur. Bu da Ukrayna bazarına benzin idxalında 21 % payı saxlamağa imkan verib.