Ötən il SOCAR qaz hasilatını 4 %-ə yaxın artırıb
- 11 yanvar, 2024
- 12:19
2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8,4 milyard kubmetr təbii qaz hasil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, SOCAR üzrə qaz hasilatının həcmi 2022-ci illə müqayisədə 0,3 milyard kubmetr və ya 3,7 % artıb.
Ümumiyyətlə, 2023-cü ildə Azərbaycanda 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2022-ci ilə nisbətən 3,2 % və ya 1,5 milyard kubmetr çoxdur.
Bildirilir ki, hasil edilən qazın 12,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 26,2 milyard kubmetri “Şahdəniz” yatağından, 0,8 milyard kubmetri “Abşeron” yatağından, hasil olunub.
2022-ci illə müqayisədə AÇG-dən qaz hasilatı 0,5 milyard kubmetr və ya 3,73 % azalıb, “Şahdəniz” yatağından qaz hasilatı isə 1 milyard kubmetr və ya 4 % artıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.
"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. Bu ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.