Ötən il “Şahdəniz” yatağının əsaslı xərcləri 93 %-ə yaxın artıb
- 12 fevral, 2024
- 11:36
2023-cü ildə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 2 milyard 194 milyon ABŞ dollarına yaxın əməliyyat xərcləri və 892 milyon ABŞ dolları əsaslı xərclər çəkib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Ötən il ərzində “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi 2022-ci illə müqayisədə 87 milyon ABŞ dolları və ya 3,82 % az, əsaslı xərclərin həcmi isə 429 milyon ABŞ dolları və ya 92,7 % çoxdur.
Bildirilib ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. "Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı birinci mərhələsi çərçivəsində “Alfa” və ikinci mərhələsi çərçivəsində isə “Bravo” platformalarından həyata keçirilir. "Şahdəniz-1” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır. “Şahdəniz-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
Layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.