Ötən il “Şahdəniz” yatağı üzrə əsaslı xərclər 32 %-dək azalıb

Energetika
  • 09 fevral, 2023
  • 13:13
Ötən il “Şahdəniz” yatağı üzrə əsaslı xərclər 32 %-dək azalıb

2022-ci il ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 2 milyard 281 milyon ABŞ dolları əməliyyat xərcləri və təxminən 463 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Ötən il ərzində “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi 2021-ci illə müqayisədə 281 milyon ABŞ dolları və ya 14,05 % artıb, əsaslı xərclərin həcmi isə 217 milyon ABŞ dolları və ya 31,9 % azalıb.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Məlumata görə, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Qeyd edək ki, layihədə BP (operator – 29,99 %), “Lukoil” (19,99), SOCAR - (14,35 %), "SGC Upstream" (6,67 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti