Ötən il “Petkim” mənfəətini 21 %-dək artırıb

Energetika
  • 02 mart, 2023
  • 10:30
Ötən il “Petkim” mənfəətini 21 %-dək artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Türkiyə"nin qrup şirkətlərindən olan “Petkim Petrokimya Holding” 2022-ci ili 6,58 milyard türk lirəsi məbləğində mənfəət əldə edib.

Bu barədə “Report” Türkiyənin Kamu Aydınlatma Platformasına istinadən xəbər verir.

Bildirilir ki, 2021-ci ildə şirkətin mənfəəəti il ərzində 20,7 % artaraq 5,45 milyard lirə çatıb.

“Petkim”in gəlirləri 2022-ci ildə 20,18 milyard lirə və ya 70,3 % artaraq 48,9 milyard türk lirəsi təşkil edib.

Xatırladaq ki, 2021-ci il ərzində “Petkim”in ümumi gəlirlərinin həcmi 28,72 milyard lirə olub.

Şirkətin açıqlamasında deyilir ki, neft-kimya sənayesində mənfəətin azalmasına baxmayaraq, gəlirliliyi qoruyub saxlamaq, güclü nağd pul mövqeyi, etibarlılıq və səmərəli planlaşdırma üsulları sayəsində “Petkim” şirkətinin səriştəli insan resursları və güclü idarəetmə yanaşması onun uğurlu maliyyə nəticələrinə töhfə verib.

Qeyd edək ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, həm də yerli sənaye sahələrinin ən mühüm xammal tədarükçülərindən biridir. 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət kompleks ildə 3,6 milyon tonluq istehsal gücünə malikdir.

İstehsal portfelində 60-dək neft-kimya məhsulu olan “Petkim” plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr, kosmetika kimi sahələri xammal ilə təmin edir. Şirkətin hədəfi yüksək keyfiyyətli neft-kimya məhsulları ilə ölkə iqtisadiyyatını daha da gücləndirmək, təkcə daxildə deyil, beynəlxalq bazarlarda da etibarlı, məsuliyyətli tədarükçü və tərəfdaş kimi lider bir markaya sahib olmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti