Bakı. 5 mart. REPORT.AZ/ 2018-ci ildə ölkə daxilində satılan qaza görə daxilolmalar 1 407,5 mln. manat təşkil edib.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
“
Hesabat ilində 1 798,2 mln. kubmetr qaz idxal, 1 423,4 mln. kubmetr qaz isə ixrac olunub.
Ölkədə satılmış qaza görə daxilolmalar 1 407,5 mln. manat, ixrac qazına görə isə 384,9 mln. manat təşkil edib. Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 237 mln. kubmetr təbii qazla təmin olunub.
2018-ci ildə qaz itkilərinin azaldılması istiqamətində məqsədyönlü işlər görülüb. Paylayıcı şəbəkədə həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə qaz itkiləri əvvəlki illə müqayisədə 187 mln. kubmetr azalıb.
Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə yeraltı qaz anbarlarına 2 mlrd. kubmetrə yaxın təbii qaz vurularaq 3,1 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb. 2019-cu ildə bu həcmin 3,5 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur.