Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb Müraciətlərin 2 849-u elektrik enerjisi,  651-i təbii qaz təchizatı, 12-i bərpa olunan enerji sahəsi, 53-ü istilik təchizatı, 646-ı isə digər məzmunlu məsələləri əhatə edib.
Energetika
22 Yanvar , 2021 13:19
Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

2020-ci ildə Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı, istilik təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı 4 211 müraciətə baxılıb.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, müraciətlərin 2 849-u elektrik enerjisi, 651-i təbii qaz təchizatı, 12-i bərpa olunan enerji sahəsi, 53-ü istilik təchizatı, 646-ı isə digər məzmunlu məsələləri əhatə edib.

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələlərə aid olub.

Bu müraciətlər araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə, həmçinin Energetika Nazirliyinin sosial şəbəkələrdəki hesabları vasitəsilə 100-ə yaxın müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətləri isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi aidiyyəti üzrə araşdıraraq icrasını təmin edib və vətəndaşlar bu barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi