Ötən il BTC kəməri ilə nəql edilən neftinin həcmi 2 %-ə yaxın artıb
- 17 yanvar, 2024
- 09:08
2023-cü ildə Azərbaycanın magistral neft kəmərləri ilə 39 milyon 753,2 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin göstəricisinə nisbətən 5,2 % çoxdur.
Ötən il ərzində nəqletmənin 75,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
2023-cü il ərzində bu kəmər vasitəsilə 30 milyon 191,6 min ton neft ötürülüb. Bu, 2022-ci illə müqayisədə 1,5 % artıb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6 %-ini və ya 24 milyon 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 %-ini və ya 5 milyon 240,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.