Ötən il BTC ilə nəql edilən neftin həcmi 5 % azalıb
- 10 fevral, 2022
- 10:26
2021-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə ixrac olunmuş təqribən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 280 tankerə yüklənib və yola salınıb. Ötən il ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə 5,03 % azdır.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2021-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
2021-ci il ərzində BTC kəməri üzrə əməliyyat xərclərinə 119 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 34 milyon ABŞ dolları xərclənib.
“BP-Azerbaijan” şirkətinin 2021-ci il üzrə hesabatına əsasən xəbər verir ki, 2021-ci il ərzində BTC üzrə əməliyyat xərclərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8 milyon ABŞ dolları və ya 7,21 %, əsaslı xərclərin həcmi isə 5 milyon ABŞ dolları və ya 17,2 % çoxdur.
Məlumata görə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 502 milyon tondan çox (3,77 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4 939 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Dekabrın 12-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft ixracı nailiyyətini qeyd edib.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total Energies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.