“Bahar” yatağında neft və qaz hasilatı azalıb
- 20 iyun, 2023
- 09:45
Ötən il Xəzər dənizin Azərbaycan sektounda yerləşən “Bahar” yatağından 0,18 milyon barel neft hasil edilib.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 0,09 % azdır.
Belə ki, ötən il bu yataqdan 0,27 milyon barel neftin hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 0,09 milyon barel və ya 33,3 % azdır.
Hesabat dövründə “Bahar” yatağından 194,45 milyon kubmetr təbii qaz hasil edilib. Bu, 2021-ci illə müqayisədə 116,18 % azdır.
Ötən il bu yataqdan 310,63 milyon kubmetr qaz hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 37,4 % azdır.
Qeyd edək ki, bu yataq Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye istismarına verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İstismara veriləndən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.
Bu yatağın operatoru olan "Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.