Respublika ərazisində istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün 2020-ci ildə “Azərişıq” ASC tərəfindən müvafiq işlər yerinə yetirilib.
Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün yeni inşa edilmiş 110/35/10 kV-luq 2x50 MVA gücündə “Bayramzadə” yarımstansiyası inşa edilib.
Yarımstansiyanın istismara verilməsi ilə əlaqədar 260, 327, 19, 551 və 514 saylı transformator məntəqələri 6/0,4 kV-luq gərginlikdən 10/0,4 kV-a keçirilib. 110 kV-luq “MKZ” və 227 (yeraltı) yarımstansiyaları arasında 110 kV-luq iki dövrəli hava xəttinin əvəzinə hər birinin uzunluğu 4,28 km olan iki dövrəli kabel xətləri çəkilib. 110 kV-luq “Əhmədli” və “Həzi Aslanov” yarımstansiyaları arasında hər birinin uzunluğu 5 km olan 110 kV-luq iki dövrəli kabel xətləri quraşdırılıb.
Abşeron yarımadasının elektrik təchizatının dayanıqlığının və etibarlılığının artırılması növbəti 110 kV-luq dairəvi sxeminin yaradılması və dövlət əhəmiyyətli obyektlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni inşa edilmiş 110/35/10 kV-luq 2x40 MVA gücündə “Buzovna-1” yarımstansiyası istismara verilib, “Buzovna-1” və “Buzovna-2” yarımstansiyaları arasında hər birinin uzunluğu 4,2 km olan 110 kV-luq iki dövrəli kabel xətləri çəkilib.
Xırdalan şəhərində 110/35/10 kV-luq “Xırdalan” yarımstansiyasının tikintisi ilə əlaqədar yarımstansiyada 35/6 kV-luq hər birinin gücü 16 MVA olan iki ədəd transformator quraşdırılıb, mövcud elektrik şəbəkələrinin 220 kV-luq və 110 kV-luq “Xırdalan” yarımstansiyaları ilə əlaqələndirilməsi üçün 10 və 6 kV-luq iki ədəd paylayıcı qurğuları inşa edilmiş, 110/35/10 kV-luq “Xırdalan” və 35/10 kV-luq “Yeni Xırdalan” yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli kabel xətləri çəkilib. Xırdalan şəhərində elektrik şəbəkəsinin yeni inzibati binası istifadəyə verilmiş, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi yaradılıb.
Ölkə ərazisində inşa edilmiş modul tipli xəstəxanaların elektrik təchizatı üçün 6 ədəd müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılaraq istismara verilib. Respublika üzrə elektrik təchizatı üzrə xüsusi kateqoriyaya aid olan 72 dövlət əhəmiyyətli obyektlərin elektrik təchizatı şəbəkələrində təftiş və sınaq işləri yerinə yetirilib.
Ağcabədi rayonundakı 110/35/10 kV-luq 2x20 MVA gücündə “Ağcabədi-2” və Tərtər rayonundakı 110/35/6 kV-luq 40-25 MVA gücündə “Tərtər” yarımstansiyaları yenidənqurmadan sonra istifadəyə verilib.
Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işləri yerinə yetirilib, bu işlər 46 rayonu, 91 kənd və qəsəbəni əhatə etməklə hesabat dövründə 42 kənd üzrə işlər tam yekunlaşdırılıb, 49 kənddə bu istiqamətdə işlər davam etdirilməkdədir.
Hesabat müddəti ərzində ümumilikdə, 231 908 ədəd olmaqla, əhali istehlakçılarına aid 214 078 ədəd, qeyri-əhali istehlakçılarına aid 17 830 ədəd uçot dəstləri bərpa olunub. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin ümumi yığım səviyyəsi 96,0%-ə çatdırılıb.
“Azərişıq” ASC-də “Asan Kommunal” mərkəzləri vasitəsi ilə abunəçilərə 17 növ xidmət göstərilir.