Yuxarı

Ötən il “Azərenerji”yə 12 012 müraciət daxil olub

Ötən il “Azərenerji”yə 12 012 müraciət daxil olub

Bakı. 11 yanvar. REPORT.AZ/ "2017-ci il ərzində “Azərenerji” ASC-nin “186 nömrəli - Qaynar xətt”inə 12 012 müraciət daxil olub".

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, təkcə 31 dekabr – 3 yanvar tarixində, yəni sonuncu bayram – qeyri iş günlərində 70 zəng olunub: “2017-ci ildə “Azərenerji”nin “186 nömrəli - Qaynar xətt”i öz operativliyini tam təmin edib. Bütün zənglər 24 saat, həftənin şənbə və bazar günləri də daxil olmaqla operatorlar tərəfindən diqqətlə dinlənilib, araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Respublikanın şəhər və rayonlarından gələn müxtəlif məzmunlu müraciətlər, əsasən, bildiriş, cərimə, elektrik xətti, enerji borcu, sayğac, Smart kart, nəzarətçinin davranışı və fasilələrlə əlaqədar olub”.

Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti “Azərenerji”nin səlahiyyətlərinə daxil olmayan məsələlərlə bağlı olub.

“Azərenerji” rəsmisi bildirib ki, 2018-ci ildə də təmsil etdiyi qurumun “Qaynar xətt”i istənilən kateqoriyalı şəxslərə müvafiq xidmətini göstərəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı və paylayıcı funksiyası yeni quruma həvalə edilib. “Azərenerji”də isə yalnız istehsal funksiyası qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi