Ötən il Azərbaycanda neft və qaz hasilatına yatırılan investisiyaların həcmi açıqlanıb

Energetika
  • 08 avqust, 2024
  • 12:09
Ötən il Azərbaycanda neft və qaz hasilatına yatırılan investisiyaların həcmi açıqlanıb

Ötən il Azərbaycanda neft və qaz hasilatına ümumi investisiya qoyuluşu 5 milyard 635 milyon 931 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 20,5 % çoxdur.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövrdə neft və qaz hasilatına qoyulan investisiyaların xüsusi çəkisi Azərbaycan iqtisadiyyatına bütün investisiyaların 26,5 %-ni təşkil edib.

İnvestisiyaların strukturunda 1 milyard 088 milyon 609,5 min manat (artım 2,1 dəfə) dövlət sektorunun, 4 milyard 547 milyon 321,5 min manat (artım 9,4 %) özəl sektorun payına düşüb.

2023-cü ildə Azərbaycanda neft və qaz hasilatına yönəldilmiş xarici investisiyaların xüsusi çəkisi 3 milyard 261 milyon 128,9 min manat, daxili investisiyalar isə 2 milyard 374 milyon 802,1 min manat təşkil edib.

Eyni zamanda, hesabat ilində neft və qaz hasilatı sahəsində tikinti-quraşdırma işlərinə 2 milyard 978 milyon 771,3 min manat vəsait yönəldilib.

2023-cü ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində əsas kapitala investisiyalar 565 milyon 370,6 min manat (azalma 1,9 %) təşkil edib. Tikinti-quraşdırma işlərinə isə 113 milyon 465,7 min manat yönəldilib.

Ümumilikdə, 2023-cü ildə Azərbaycanın neft-qaz sektoruna 6 milyard 306 milyon 842,4 min manat investisiya (artım 11,5 %) qoyulub.