Ötən il Azərbaycan karbamid ixracından gəlirini 11 dəfə artırıb
- 31 yanvar, 2022
- 08:30
2021-ci ilin dekabr ayında Azərbaycan 25,1 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Hesabata əsasən, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 23,5 milyon ABŞ dolları və ya 15,7 dəfə çoxdur.
2021-ci il ərzində isə Azərbaycan 118,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 107,9 milyon ABŞ dolları və ya 11,2 dəfə çoxdur.
Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.