Ötən il Azərbaycan benzin və dizel yanacağının istehsalını artırıb

Energetika
  • 18 yanvar, 2022
  • 11:46
Ötən il Azərbaycan benzin və dizel yanacağının istehsalını artırıb

2021-ci il ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 394,6 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici daha əvvəlki 2020-ci ilin göstəriciləri ilə müqayisədə 13,4 % çoxdur.

Hesabat dövründə 1 milyon 259,5 min ton həcmində avtomobil benzini, 2 milyon 403,6 min ton dizel yanacağı, 49,1 min ton sürtkü yağları, 362,2 min ton neft bitumu istehsal edilib.

Belə ki, 2021-ci il ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 7,9 %, dizel yanacağının istehsalı 16,2 %, sürtkü yağlarının istehsalı 39,1 % artıb, neft bitumunun istehsalı isə 3,4 % azalıb.

Həmçinin, 2021-ci il ərzində ölkədə 400,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 490,1 min ton ağ neft, 105 min ton yanacaq mazutu, 255,3 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 67,2 %, neft koksunun istehsalı 29,7 %, yanacaq mazutunun istehsalı usə 70,5 % artıb, ağ neftin istehsalı 2,4 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti