Ötən il Azərbaycan Avropaya qaz ixracını 3,5 % artırıb

Energetika
  • 11 yanvar, 2024
  • 12:25
Ötən il Azərbaycan Avropaya qaz ixracını 3,5 % artırıb

Ötən il Azərbaycan Avropaya 11,8 milyard kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2022-ci illə müqayisədə Avropaya qaz satışı 0,4 milyard kubmetr və ya 3,5 % artıb.

Ümumilikdə isə ötən il Azərbaycandan xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu, 2022-ci ilə müqayisədə 5,3 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 1,1 milyard kubmetr və ya 13,1 % artıb, Gürcüstana isə nəql edilən təbii qazın həcmi dəyişməz qalıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eynidir.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti