Ötən il AÇG-dən hasilat 10 % azalıb
- 12 fevral, 2024
- 10:09
2023-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan hasilat azalıb.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, ötən il AÇG-dən ümumi hasilat – “Çıraq” (23 min barel), “Mərkəzi Azəri” (96 min barel), “Qərbi Azəri” (86 min barel), “Şərqi Azəri” (58 min barel), “Dərinsulu Günəşli” (67 min barel) və “Qərbi Çıraq” (33 min barel) platformalarından birlikdə – gündə orta hesabla 363 min barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olub.
Ötən il AÇG üzrə hasilat 2022-ci illə müqayisədə 2 milyon ton və 10 % az olub.
Dekabrın 12-də AÇG “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasilatının əldə olunması qeyd edilib.
İlin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 8 neft hasilatı, 6 su injektoru və 1 qaz injektoru quyusu tamamlanıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.