Ötən ay SOCAR-ın Ukraynaya tədarük etdiyi LPG-nin həcmi məlum olub
- 05 oktyabr, 2021
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya çatdırılması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Energy” şirkəti tərəfindən bu ölkəyə 26,4 min ton mayeləşdirilmiş neft qazı (LPG) tədarük edilib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Məlumata görə, bu, avqust ayının göstəriciləri ilə müqayisədə 4 min ton və ya 13,1 % azdır.
Bildirilir ki, bu həcmlərin 4,9 min tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib. Bu da avqust ayına nisbətən 3,1 min ton və ya 38,6 % azdır.
Bundan başqa, SOCAR Ukraynaya sentyabr ayında əlavə olaraq 5,8 min ton LPG idxal edib ki, bu da avqust ayı ilə müqayisədə 3,3 min ton və ya 36,3 % azdır.
Bu ilin sentyabr ayında Ukraynaya ümumilikdə 127,4 min ton LPG tədarük edilib. Bu da avqust ayı ilə müqayisədə 18,8 min ton və ya 12,9 % azdır. 2020-ci ilin sentyabr ayı ilə müqayisədə isə ölkəyə LPG idxalı 7,3 % azalıb.
Belə ki, ötən ay Rusiyadan Ukraynaya 61,3 min ton LPG aparılıb. Bu da avqust ayının göstəriciləri ilə müqayisədə 13,5 % azdır.
Ötən ay ərzində Qzaxıstandan Ukraynaya 22,8 min ton LPG tədarük edilib ki, bu da avqust ayı ilə müqayisədə 29 % azdır.
Eyni dövrdə Belarusdan Ukraynaya 20,5 min ton LPG məhsulu idxal edilib ki, bu da daha əvvəlki ayın göstəricisi ilə eynidir.