Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 0,3 min ton aviasiya yanacağı idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupun hesabatında deyilir.
Məlumata görə, Azərbaycan şirkəti tərəfindən ölkəyə gətirliən aviasiya yanacağı Litvadan tədarük edilib. Bu ilin mart ayı ilə müqayisədə isə apreldə Ukraynaya idxal edilən aviasiya yanacağının həcmləri 0,6 min ton və ya 3 dəfə azdır.
Ötən ay Litvadan ölkəyə 1,3 min ton aviasiya yanacağı idxal edilib ki, bu da 2020-ci ilin aprel ayının göstəriciləri ilə müqayisədə 60 % çoxdur.
Həmçinin, ötən ay ərzində Belarusdan Ukraynaya gətirilən aviasiya yanacağının həcmi 4,9 min ton təşkil edib. 2020-ci ilin aprel ayında bu ölkədən Ukraynaya aviasiya yanacağının tədarükü həyata keçirilməyib.
Bu ilin aprel ayında ümumilikdə Ukraynaya 8 min ton aviasiya yanacağı idxal edilib ki, bu da daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Bu ilin yanvar-aprel ayları ərzində isə müxtəlif ölkələrdən Ukraynaya 26,3 min ton aviayanacaq idxal edilib ki, bu da 2020-ci ilin eyni aylarının göstəriciləri ilə müqayisədə 35 % azdır.