Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 4,9 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 1,3 min ton və ya 36,1 % çoxdur.
Bununla da SOCAR Ukraynaya avtomobil benzini idxal edən şirkətlərin arasında altıncı olub.
Bu il oktyabr ayında Ukraynaya ümumilikdə 98,7 min ton avtomobil benzini idxal edilib ki, bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 35,3 min ton və ya 55,7 % çoxdur.
Ölkəyə avtomobil benzini idxal edən şirkətlər arasında isə ilk yeri OKKO şirkəti tutub. Ötən ay bu şirkətin Ukraynaya avtomobil benzinin idxalı 2,1 dəfə artaraq 27 min ton təşkil edib.
İkinci yerdə avtomobil benzininin idxalının həcmlərinə görə WOG şirkəti yer alıb. Bu şirkət ötən ay Ukraynaya 17,7 min ton avtomobil benzini idxal edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 29,2 % çoxdur.
Ukraynaya benzin idxalında liderlərin üçlüyünü “BRSM-Nafta” şirkəti qapadır. Ötən ay bu şirkət 7,8 min ton avtomobil benzini idxal edib ki, bu da 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.
Bu ilin 10 ayında Ukraynaya 902,4 min avtomobil benzini idxal edilib ki, bu da 2019-cu ilin yanvar-oktyabr ayı ilə müqayisədə 27,6 min ton və ya 3,2 % çoxdur.