Ötən ay Neft Fondu “Şahdəniz”dən gəlirlərini 42 dəfə artırıb
- 04 fevral, 2022
- 08:17
Bu ilin yanvar ayı ərzində Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 149,899 milyon ABŞ dolları gəlir əldə edib.
"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 146,361 milyon ABŞ dolları və ya 42,36 dəfə artıb.
Ötən ayda gəlirlərin 22,172 milyon ABŞ dolları kondensat satışından əldə olunub. Bu isə 1 il əvvələ nisbətən 18,634 milyon ABŞ dolları və ya 6,3 dəfə çoxdur.
“Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 701 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,7 %),"LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.