Yanvarda Azərbaycanın neft ixracı 35 % azalıb
- 16 fevral, 2024
- 09:24
Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycandan ixrac edilən xam neftin dəyəri 863 milyon 453,88 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar ayı ilə müqayisədə 34,9 %, dəyəri isə 38,2 % azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46,83 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.