Yanvarda Azərbaycan Avropaya 1,1 milyard kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
2023-cü ilin yanvar ayı ilə müqayisədə Avropaya qaz satışı 0,1 milyard kubmetr və ya 10 % artıb.
Ümumilikdə isə ötən ay Azərbaycandan xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 4,5 % çoxdur.
Ötən ay ərzində Azərbaycandan Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,1 milyard kubmetr və ya 11,1 % azalıb, Gürcüstana isə 0,1 milyard kubmetr və ya 33,3 % artıb.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 0,4 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 20 % azdır.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.