Ötən ildə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə 15,5 milyon MVt/saatdan çox təbii qaz nəql edilib.
"Report" IGB-nin layihə operatoru olan ICGB şirkətinə istinadən xəbər verir ki, tədarük zamanı heç bir kəsintilər müşahidə olunmayıb.
"İllik gücü 3 milyard kubmetr, uzunluğu 182 km olan interkonnektor Bolqarıstanın enerji tələbatını əhəmiyyətli dərəcədə ödəyib, ölkənin daxili istehlakının təxminən yarısını təmin edib və qazın qonşu ölkələrə nəqlini asanlaşdırıb. Ötən il interkonnektora 20-dən çox yeni istifadəçi qoşulub.
Kırcalidə öz infrastrukturunu genişləndirən interkonnektor hazırda yerli biznesləri və istehlakçıları şaxələndirilmiş qaz mənbələri ilə təmin edir. Ötən ildə keçirilən ilk hərraclar hesabına bu il üçün 80 %-dən çox güc həcmləri sifariş edilib. IGB, həmçinin treyderlərin böyük marağına səbəb olub və Aleksandropolisdə yerləşən LNG terminalından qaz həcmlərinə çıxışı asanlaşdırıb”, - deyə operator qeyd edir.
Strateji bir addım olaraq, ICGB kəmərin texniki imkanlarını ildə 5 milyard kubmetrə çatdırmaq məqsədilə interkonnektorların tutumunun artırılması prosesinə başlayıb. Bu perspektivli cəhd regional enerji landşaftında iIGB nterkonnektorunun rolunu daha da gücləndirəcək. Bundan əlavə, IGB-nin Trans-Balkan Qaz Boru Kəmərinin tikintisinə verdiyi töhfə Avropanın enerji əlaqəsini gücləndirərək təbii qazın Moldova və Ukraynaya çatdırılması üçün təhlükəsiz marşrutu təmin edib.
"Bu genişlənmə ICGB-nin Moldova və Ukraynaya Şaquli Qaz Dəhlizinin genişləndirilməsi vizyonuna uyğundur və davamlı, təhlükəsiz enerji sektoru üçün sinxronlaşdırılmış infrastrukturun inkişafının vacibliyini göstərir. “BEH Ltd.” ilə “IGI Poseidon”un birgə həyata keçirdiyi ICGB layihəsi Bolqarıstan və Yunanıstanın regional enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə səylərinin göstəricisidir”, - məlumatda deyilir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələsinin istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini təmin edir. Sonrakı mərhələlərdə onun genişləndirilməsindən sonra Azərbaycan təbii qazını bu kəmər vasitəsilə Şərqi Avropanın digər ölkələrinə çatdırmaq mümkün olacaq.