OPEC ötən il Azərbaycanda neft məhsulları istehsalının həcmini açıqlayıb
- 29 iyun, 2022
- 10:07
2021-ci ildə Azərbaycanda gündəlik olaraq 135 min barel neft məhsulları istehsal edilib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.
Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 18,6 % çoxdur.
Bildirilir ki, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik olaraq 89 milyon 814 min barel neft məhsulları istehsal edilib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 4,9 % çoxdur.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.