OPEC: “Ötən il Azərbaycan neft ixracını 3 %-dən çox azaldıb”

Energetika
  • 29 iyun, 2022
  • 10:42
OPEC: “Ötən il Azərbaycan neft ixracını 3 %-dən çox azaldıb”

2021-ci ildə Azərbaycanın gündəlik neft ixracı 483 min barel təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.

Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 3,5 % azdır.

Bildirilir ki, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik olaraq 41 milyon 228 min barel neft ixrac edilib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 1,9 % azdır.

Xatırladaq ki, hazırda Azərbaycan hasil etdiyi xam nefti əsasən Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri ilə dünya bazarlarına çıxarır. BTC boru kəməri ilə Azərbaycanda “Azəri-Çıraq-Günəşli”dən (AÇG) neft və “Şahdəniz”dən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

Xatırladaq ki, “BTC Co”nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).