Yuxarı

OPEC-in hasilatı rekord həddə çata bilər

Report: Gələn il neft qiymətlərinin 30-45 dollar/barelə qədər azalması gözlənilir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı nəticəsində OPEC ölkələri üzrə neft hasilatının həcmi İraqın ixracı artırması və Liviyada 3 əsas neft terminalının işini bərpa etməsi səbəbindən rekord həddə çata bilər. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının hasilatı azaltması və Əlcəzairdə əldə olunan razılaşmaya baxmayaraq, OPEC hasilatı artırmağa davam edib. Qeyd edək ki, OPEC üzvü olan ölkələr sentyabrın 26-28-də Əlcəzairdə keçirilən qeyri-formal sammitdə neft hasilatının 250-750 min barel/gün azaltmaq qərarına gəliblər.

"Reuters"in hesabatına əsasən, sentyabrda OPEC-in orta gündəlik neft hasilatı 33,6 mln. barel təşkil edib ki, bu da avqustun analoji göstəricisindən 0,3% çoxdur. OPEC-in hasilatı artırması, noyabrda Vyanada keçiriləcək və hasilatın azaldılması qərarının rəsmiləşdirilməsi gözlənilən növbəti sammit öncəsi investorlar arasında çaşqınlıq yaradıb.

İsveçin ən böyük banklarından olan "SEB AB"ın əmtəə bazarları üzrə baş analitiki Byarn Şildropa görə, razılaşmanın əldə olunmasına baxmayaraq, qarşıda hər bir ölkənin hasilat kvotalarının müəyyənləşdirilməsi kimi çətin məsələ durur.

"Report"un analitik qrupu daha öncəki təhlillərində olduğu kimi, neft qiymətlərinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır. Noyabrın 30-da keçiriləcək Vyana sammitinə qədər qiymətlərin ancaq ABŞ-dakı prezident seçkilərinin nəticəsindən asılı olaraq bu diapazondan çıxma ehtimalı var. Gələn il üçün isə neft qiymətlərinin 30-45 dollar/barelə qədər azalması gözlənilir. Buna səbəb ABŞ-da artan aktiv neft quyuları sayının şist neft hasilatını artıracağı və neft tələbinin azalacağı amilləri ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi