BƏƏ OPEC+dan çıxmağı nəzərdən keçirir

BƏƏ OPEC+dan çıxmağı nəzərdən keçirir BƏƏ-nin rəsmi nümayəndələrinin dövlətin OPEC+dən çıxmağı planlaşdırdığı barədə açıq şəkildə siqnal vermədiyi qeyd olunur.
Energetika
19 Noyabr , 2020 13:35
BƏƏ OPEC+dan çıxmağı nəzərdən keçirir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft müttəfiqləri - Səudiyyə Ərəbistanı və Rusiya ilə münasibətlərdə gərginlik dərəcəsini artırıb, dövlət OPEC+ ittifaqından çıxmaq fikrini nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat verib.

“Bu qeyri-adi hərəkətdir, çünki BƏƏ uzun müddətdir ictimai münaqişələrdən yan qaçır, mübahisələri diqqəti cəlb etmədən bağlı qapılar arxasında həll etməyə üstünlük verirdi. İttifaqdan çıxma ehtimalı ilə bağlı xəbərdarlığın hasilat səviyyəsi ilə bağlı danışıqlara təkan vermək üçün manevr olub-olmadığı və ya həqiqətən siyasət müzakirəsi çərçivəsində düşünülməsi aydın deyil”, - agentliyin açıqlamasında bildirilir.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginlik yayın sonlarından – BƏƏ-nin OPEC+ sazişində nəzərdə tutulan kvotadan artıq neft hasil etməsindən sonra artmağa başlayıb. İndi də BƏƏ-nin ədalətsiz hesab etdiyi kvotaların bölüşdürülməsi ilə bağlı artan narazılığı fonunda vəziyyət gərginləşib.

Eyni zamanda, BƏƏ-nin rəsmi nümayəndələrinin dövlətin OPEC+dən çıxmağı planlaşdırdığı barədə açıq şəkildə siqnal vermədiyi qeyd olunur.

Xatırladaq ki, OPEC+ Nazirlər Monitorinq Komitəsi çərşənbə axşamı ikinci koronavirus dalğası fonunda neft bazarındakı vəziyyəti müzakirə edib. Yekunda heç bir əlavə tövsiyə verilməyib. Hərçənd görüşdən əvvəl OPEC+ ekspertləri nazirlərə 2021-ci ilin birinci rübü və ya birinci yarısı üçün mövcud istehsal məhdudiyyətlərini qoruyub saxlamağı tövsiyə etmişdi. Komitə isə alyansın dekabrın 1-də keçiriləcək iclasına qədər bu mövzuda tövsiyələr verəcəyinə söz verib.

İngilis versiyası UAE may leave OPEC +

Son xəbərlər

Orphus sistemi