Bakı. 7 dekabr. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilə nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə OPEC konfransının sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji naziri Süheyl əl-Məzrui OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyana görüşünün yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.
Bununla yanaşı, görüş iştirakçıları sözügedən razılaşmanı İran və Venesuelaya sanksiya tətbiqi, Liviyaya də ölkədə silahlı qarşıdurmanın davam etdiyi üçün istisna qaydasında şamil etməməyə razılıq veriblər.
*** 18:04
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) OPEC+ formatı çərçivəsində gündəlik neft hasilatını, təqribən, 800 min barel azaltmağa hazırdır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, təşkilatdakı mənbələrə görə, OPEC həmçinin qeyri-OPEC ölkələrinə də gündəlik hasilatı, təqribən, 400 min barel azaltmağı təklif edir.
Mənbə həmçinin Vyana sazişinə dair ümumi görüş keçirilməsinin də zəruri olduğunu qeyd edib.