OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu azaldıb
- 11 may, 2023
- 13:28
Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 37 min barel artaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) may hesabatına istinadən xəbər verir ki, birinci rübdə əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 11 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.
"Köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir. Artım əsasən “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri hesabına proqnozlaşdırılır", - məlumatda deyilir.
OPEC qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatı 2010-cu ildəki 820 min barel pik səviyyəsindən azalmaya doğru gedib: "Lakin “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində 2023-cü ilin dördüncü rübündə xam neft hasilatına başlandıqdan sonra hasilat artacaq".
Martda Azərbaycanda maye karbohidrogenlərin hasilatı aylıq əsasda 14 min barel azalaraq gündəlik orta hesabla 700 min barel təşkil edib, baxmayaraq ki, bu, illik nisbətdə gündəlik 62 min barel azalmaya bərabərdir.
Rəsmi göstəricilərə görə, xam neft hasilatı orta hesabla sutkada 515 min barel, “Şahdəniz” yatağında isə gündəlik orta hesabla 150 min barel olub.
OPEC-in hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü 2021-ci illə müqayisədə sutkada 40 min barel azalaraq, orta hesabla sutkada 700 min barel təşkil edib.