OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu azaldıb
- 10 avqust, 2023
- 12:50
Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 11 min barel artaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) avqust hesabatına istinadən xəbər verir ki, iyun ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 11 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.
"Köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir", - məlumatda deyilir.
İyunda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə bütövlükdə sabit qalıb və ötən illə müqayisədə gündəlik orta hesabla 26 min barel azalaraq 600 min barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 500 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 142 min barel təşkil edib.
OPEC-in hesablamalarına görə, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 30 min azalaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır. Artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.
Gələn il AÇG-nin yeddinci platforması – “Azəri-Mərkəzi-Şərqi” (ACE) sayəsində Azərbaycanın AÇG neft yataqlarından hasilat da artmalıdır. "Bununla belə, ümumi azalma tempi planlaşdırılan artımdan daha yüksək olacaq", - hesabatda deyilir.