OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilat proqnozunu artırıb
- 11 noyabr, 2021
- 14:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci və 2022-ci illər üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.
“Report”un məlumatına görə, bu barədə qurumun noyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, bu il Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 0,020 milyon barel artıraraq 0,750 milyon barel səviyyəsinə yüksəldib.
2022-ci ildə isə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 0,070 milyon barel artaraq 0,820 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bildirilir ki, sentyabrda Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik 0,020 milyon barel azalaraq orta hesabla gündəlik 0,720 milyon barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,040 milyon barel çoxdur.
Hesabatda deyilir ki, bu dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 0,586 milyon barel səviyyəsində olub ki, bu da illik müqayisədə 0,010 milyon barel azdır.
Qurum qeyd edib ki, sentyabrın 23-dən Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasında aparılan profilaktik işlər 25 gün ərxində yekunlaşdığı üçün hasilat bərpa edilib.