OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu artırıb
- 13 dekabr, 2021
- 14:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-ci və 2022-ci illər üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.
“Report”un məlumatına görə, bu barədə qurumun dekabr ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, OPEC bu il Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 0,02 milyon barel artıraraq 0,75 milyon barel səviyyəsinə yüksəldib.
2022-ci ildə isə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 0,08 milyon barel artaraq 0,82 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.
OPEC-in məlumatına görə, ölkədə kondensatın hasilatı 140 min barelə qədər azalıb. Gözlənilir ki, noyabrda Azərbaycan neftinin hasilatı gündəlik olaraq 0,77 min barelə qədər artacaq.
Bildirilir ki, oktyabrda Azərbaycanın maye karbohidrogen istehsalı gündəlik 0,01 milyon barel azalaraq orta hesabla gündəlik 0,72 milyon barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 milyon barel çoxdur.
Hesabatda deyilir ki, bu dövr ərzində Azərbaycanda orta gündəlik neft hasilatı 0,582 milyon barel səviyyəsində olub ki, bu da illik müqayisədə 0,4 milyon barel azdır.
Qurum qeyd edib ki, buna səbəb sentyabrın 23-dən Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasında oktyabr ayının ortalarına qədər aparılan texniki xidmətin göstərilməsi olub.