OPEC Azərbaycanda bu il üçün gündəlik neft hasilatı proqnozunu açıqlayıb
- 10 fevral, 2022
- 16:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
"Report"un məlumatına görə, bu barədə qurumun fevral ayı üçün açıqladığı hesabatında deyilir.
Məlumata görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 0,82 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, təşkilat tərəfindən yanvar ayında verilən proqnozla eynidir.
OPEC-in qiymətləndirilmələrinə görə, 2021-ci il ərzində Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı 0,01 milyon barel artaraq 0,74 milyon barel səviyyəsində olub. 2022-ci ildə isə bu göstərici 0,08 milyon barel artaraq 0,82 milyon barel səviyyəsində gözlənilir.
Dekabr ayında gündəlik maye karbohidrogenlərin hasilatı 0,01 milyon barel artaraq 0,75 milyon barel səviyyəsində olub, iilk müqayisədə isə 0,02 milyon barel artım miüşahidə olunub.
Ötən ilin dekabr ayında Azərbaycan neftinin hasilatı gündəlik olaraq 595 min barel səviyyəsində olub, bu da aylıq müqayisədə 6 min barel çoxdur. Ölkədə kondensatın hasilatı 150 min barel təşkil edib.
OPEC-in gözləntilərinə görə, yanvarda gündəlik maye karbohidrogen istehsalı orta hesabla 0,81 milyon barelədək artacaq.
Qurum qeyd edib ki, ötən ilin sentyabrın 23-dən ilin sonunadək Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Çıraq” platformasında texniki xidmət işləri aparılıb.