Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü ildə təşkilatdan kənar neft hasilatının artımı ilə bağlı proqnozlarını dəyişməyib və hasilatın 2022-ci illə müqayisədə 1,8 milyon barel artaraq orta hesabla sutkada 67,6 milyon barel olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə OPEC-in dekabr ayı hesabatında qeyd edilib.
“Təşkilata daxil olmayan ölkələrin neft hasilatının 2023-cü ildə sutkada 1,8 milyon barel artaraq orta hesabla 67,6 milyon barel olacağı proqnozlaşdırılır”, - hesabatda vurğulanıb.
Təşkilat proqnoza yenidən baxılmasını Latın Amerikasında hasilatın artması ilə əlaqələndirir. Bu isə Hindistan, Böyük Britaniya, eləcə də bəzi Avrasiya ölkələrində hasilatla bağlı göstəricinin azalması ilə kompensasiya olunur. OPEC bildirib ki, 2023-cü ildə artımın əsas hərəkətverici qüvvəsi ABŞ, Braziliya, Qazaxıstan, Norveç, Qayana, Meksika və Çin olacaq.
“2024-cü ildə qeyri-OPEC ölkələrində neft hasilatının gündəlik 1,4 milyon barel artaraq orta hesabla 69 milyon barel olacağı proqnozlaşdırılır”, - hesabatda bildirilib.
Qiymətləndirmə noyabr ayı ilə müqayisədə demək olar ki, dəyişməyib. Qazaxıstan və Omanda hasilat proqnozlarının azalması bəzi ölkələrdə proqnozların artması ilə kompensasiya olunur.
Gələn il OPEC-in gözlədiyi kimi, təşkilatdan kənar neft hasilatının artımının əsas hərəkətverici qüvvəsi ABŞ, Kanada, Qayana, Braziliya, Norveç və Qazaxıstan olacaq. Bununla belə, ən çox azalma Meksika və Malayziyada proqnozlaşdırılır.