OPEC 2023-cü ildə qlobal neft tələbatının artacağını gözləyir
- 13 dekabr, 2023
- 13:28
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu dəyişməz saxlayıb və bunun gündəlik 2,46 milyon barel artaraq 102,11 milyon barelə çatacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.
Bildirilib ki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində 2023-cü ildə neftə tələbat gündəlik 70 min barel artaraq orta hesabla 45,82 milyon barelə çatacağı gözlənilir. OECD-yə daxil olmayan dövlətlərdə isə neftə olan tələbatı gündəlik təxminən 2,39 milyon barel artaraq orta hesabla 56,29 milyon barel təşkil edəcək.
OPEC-in proqnozlarına əsasən, Çində iqtisadiyyatın davamlı inkişafı fonunda güclü qlobal iqtisadi yüksəliş neft istehlakının daha da artmasına səbəb olacaq. Qlobal neft tələbatının illik müqayisədə gündəlik 2,2 milyon barel artaraq orta hesabla gündəlik 104,3 milyon barel olacağı gözlənilir.
Proqnoza əsasən, OECD ölkələrində 2024-cü ildə neftə tələbat bir ay əvvəl gözlənildiyi kimi gündəlik 0,26 milyon barel artacaq. OECD-yə daxil olmayan ölkələrdə neftə tələbat gündəlik təxminən 2 milyon barel olacağı proqnozlaşdırılır. Bu da əvvəlki proqnozlara uyğundur.