Rumıniyanın “OMV Petrom” şirkəti 2028-ci ildə ekoloji cəhətdən "təmiz" yanacaq istehsalına başlamağı planlaşdırır.
Bu barədə “Report” şirkətin məlumatına istinadən xəbər verir.
“OMV Petrom” “Petrobrazi” neft emalı zavodunu Cənub-Şərqi Avropada ilk böyük "təmiz" yanacaq istehsalçısına çevirmək məqsədilə zavoda təxminən 750 milyon avro sərmayə qoyacaq”, - məlumatda deyilir.
Şirkət ekoloji cəhətdən təmiz aviasiya yanacağı (SAF) və bərpa olunan dizel yanacağı (HVO) istehsalı üzrə SAF/HVO qurğusunun, eləcə də iki “yaşıl” hidrogen istehsalı üzrə iki qurğunun tikintisinə dair yekun investisiya qərarını qəbul edib.
Eyni zamanda, SAF/HVO istehsal kompleksinə investisiyalar 560 milyon avro həcmində qiymətləndirilir. Onun istehsal gücü ildə 250 min ton SAF və HVO, həmçinin kimya sənayesində istifadə olunan bionafta və bio-mayeləşdirilmiş qaz kimi əlavə məhsullar təşkil edəcək. Zavodun illik istehlakı təxminən 11 min ton hidrogen təşkil edəcək və bunun böyük hissəsi iki yeni “yaşıl” hidrogen istehsalı qurğusu tərəfindən təmin ediləcək.
“2028-ci ildən etibarən şirkət ildə təxminən 250 min ton ekoloji "təmiz" yanacaq təmin edə bilər”, - məlumatda deyilir.
“Yaşıl” hidrogen istehsalı üzrə iki qurğuya yatırılacaq investisiya təxminən 190 milyon avro dəyərində qiymətləndirilir ki, bunun da 50 milyon avroya qədəri Milli Bərpa və Dayanıqlıq Planı vasitəsilə Avropa fondlarından təmin ediləcək. İki enerji blokunun ümumi gücü 55 MVt olacaq, “yaşıl” hidrogenin ümumi illik hasilatı isə təxminən 8 min ton həcmində qiymətləndirilir.
“Yaşıl” hidrogenin ekoloji cəhətdən "təmiz" aviasiya yanacağı və bərpa olunan dizel yanacağı kimi "təmiz" yanacağa inteqrasiyası ənənəvi yanacaqlarla müqayisədə CO2 emissiyalarını azı 70 % azaldacaq”, - şirkətdən qeyd edilib.