Yuxarı

​OMV "Petrol Ofisi"nin alışı ilə bağlı investorlardan təkliflər alır

Azərbaycan Dövlət Neft Şirkəti də bu aktivin alınmasında maraqlıdır

Bakı. 24 iyun. REPORT.AZ/ Avstriyanın OMV qrupu Türkiyədəki “Petrol Ofisi” şirkətinin (yanacaqdoldurma şəbəkəsi) səhmlərinin satılması ilə bağlı bir sıra potensial investorlardan təkliflər alıb. “Report” xəbər verir ki, şikətin açıqlamasında “Petrol Ofisi” ilə maraqlanan investorların hansının daha sərfəli şərtlər irəli sürəcəyi məlum olmadığı deyilir.

Qeyd edək ki, OMV “Petrol Ofisi”ni 2006-cı ildə "Doğan" Şirkətlər Qrupundan 3 mlrd. dollara alıb. Hazırda “Petrol Ofisi”nin Türkiyə ərazisində 785 yanacaqdoldurma məntəqəsi var.

Xatırladaq ki, “Petrol Ofisi”nin alınması ilə maraqlanan şirkətlər sırasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da var. SOCAR prezidenti Rövnəq Abdullayev aprelin 2-də jurnalistlərə açıqlamasında bu məlumatı təsdiq edib: "OMV səhm satışını elan edib və biz bunda maraqlıyıq. Lakin bu o demək deyil ki, biz nəyin bahasına olursa-olsun, onu əldə etmək istəyirik. Biz ona normal aktiv kimi baxırıq və bu məsələ ilə bağlı iş gedir”.

"SOCAR Turkey Energy" şirkətinin baş direktoru Zaur Qəhrəmanov da “Report”a açıqlamasında təmsil etdiyi qurumun səhm alışı prosesində iştirak etməkdə maraqlı olduğunu qeyd edib: “Hələ ki, OMV şirkəti aktiv haqqında bazara məlumat çatdırmayıb. İyun ayında məlumat verilməli idi, amma biraz yubadılacaq. Sentyabra kimi məlumat verilməlidir. Məlumat açılanda baxacağıq. Bu, bizim üçün maraqlı layihələrdən biridir. Amma bizim üçün sərfəli olarsa, bu prosesə qoşulacağıq. Türkiyədə "STAR" zavodu üçün distribütor şəbəkəsi yaratmalıyıq. Bunu ya "Petrol Ofisi"nin alınması ilə, ya da özümüz edəcəyik. Bütün variantlara baxırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi