Nəsib Məhəməliyev: "Qazın paylanması Gürcüstanın daxili işidir"

Energetika
  • 05 fevral, 2020
  • 09:01
Nəsib Məhəməliyev: Qazın paylanması Gürcüstanın daxili işidir

“Məlumdur ki, Azərbaycan Türkiyəyə olduğu kimi, Gürcüstan bazarına da qaz ixrac edir. SOCAR Gürcüstana qaz satır və Gürcüstanın qaz bazarında əhəmiyyətli yer tutur. Amma həmin qazın kilsələrə paylanması və ya əhaliyə verilməsi artıq onların daxili işidir. Bunun elə bir əhəmiyyəti yoxdur”.

Bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin gənclərlə son görüşündə ona ünvanlanan suallardan biri bu ölkə ərazisində yerləşən erməni kilsələrinin qazla təchizatına dair olub. SOCAR prezidenti cavabında təmənnasız qaz kvotasının yalnız Gürcüstan pravoslav kilsəsinə verildiyini və onların özlərinin bu kvotanı böldüyünü deyib.  

Xatırladaq ki, bu yaxınlarda Gürcüstan mətbuatında bu ölkənin patriarxı da açıqlama verərək artıq Azərbaycan tərəfindən Gürcüstana ayrılan təmənnasız qaz kvotasının sadəcə pravoslav kilsələrinə şamil olunduğunu bildirib. Yəni erməni kilsələrinə təbii qaz verilmir.

"SOCAR kifayət qədər effektiv fəaliyyət göstərir".

N. Məhəməliyev SOCAR-ın gürcü kilsələrinə qaz verməsini bəzi dairələrin düzgün qarşılamadığını və yanaşmadığını bildirib: 

“Bu məsələyə yanaşma doğru deyil. Düşünürəm ki, bu, hansısa bir söhbətin mövzusu olmamalıdır. Bəzi qüvvələr var ki, SOCAR-ı ləkələmək, onun fəaliyyətinə qara yaxmaq istəyirlər. Son vaxtlar cəmiyyətdə plüralizmdən, kommunikativ texnologiyalardan, sosial şəbəkələrdən sui-istifadə edən kifayət qədər qüvvələr var. Buna  fikir vermək lazım deyil. SOCAR-ın fəaliyyəti Azərbaycan dövlətini qane edir. Ölkə Prezidenti dəfələrlə SOCAR-ın müsbət fəaliyyətini  xüsusi vurğulayıb. SOCAR Azərbaycan xalqına xidmət edir. Azərbaycanın milli dövlət şirkətidir. Hesab edirəm ki, belə qarayaxma kampaniyası Azərbaycan dövlətinə qarşı aparılan siyasətin tərkib hissəsidir. SOCAR kifayət qədər effektiv fəaliyyət göstərir”.