Yuxarı

Neftin qiymətinin düşməsi Hindistan şirkətinin böyük layihəsinin icrasını gecikdirib

İşlər iki rüb təxirə salına bilər

Bakı. 5 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Hindistanın Neft və Qaz Korporasiyasının (ONGC) ən böyük layihəsindən olan "Krishna-Godavari" hövzəsindəki 98/2 blokunda işləri gecikdirə bilər.

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, işlər ən azı iki rüb gecikə bilər. ONGC blokdan qaz hasilatına 2018-ci il aprel ayında başlamağı planlaşdırırdı.

Şirkətin rəsmisi bildirib ki, aşağı neft qiymətləri ilə layihəni tez icra etmək çətin görünür: "Biz xərcləri yenidən nəzərdən keçiririk. Dünya bazarında neftin qiyməti azalan templə davam edir və biz ciddi addımlar atmağa başlamışıq. Layihələrimizdə xərclərimizi optimallaşdırma variantına baxırıq. Optimallaşdırma nəticəsində 10-15% ümumi xərclər və bu layihədə 10% xərclər azaldılacaq. Xərclərin azaldılmasının müsbət təsirini növbəti iki rübdə görə bilərik. Çalışırıq ki, heç bir layihəmiz ləğv olunmasın".

Qeyd edək ki, Hindistanın dövlət nəzarətində olan ONGC şirkəti ölkənin ən böyük neft-qaz hasil edən şirkətidir. ONGC Hindistanın ümumi neft hasilatının 70%-ni, qaz hasilatının isə 60%-ni hasil edir.

Şirkətin "Krishna-Godavari" hövzəsindəki 98/2 layihəsindən başqa bütün layihələri tamamlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi