Dünyada neftin qiymətindəki artıma üç səbəb göstərilib

Dünyada neftin qiymətindəki artıma üç səbəb göstərilib "Brent” markalı neftin mart fyuçersləri 54,47 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 50,93 dollar/barelə çatıb.
Energetika
403
8 Yanvar , 2021 12:18
Dünyada neftin qiymətindəki artıma üç səbəb göstərilib

Etalon markalı neft növlərinin qiymətləri artmağa davam edir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı mart fyuçerslərinin qiyməti cümə günü Bakı vaxtı ilə səhər saat 09:42-yə olan məlumata görə, bir barel üçün 54,47 ABŞ dollarına çatıb. Bu isə öncəki günün qiymətindən 0,09 ABŞ dolları (0,17%) çoxdur.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin fevral fyuçerslərinin qiyməti göstərilən zamanda 50,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki günün ticarət səviyyəsindən 0,1 dollar (0,2%) çoxdur.

Treyderlərin əhval-ruhiyyəsini Səudiyyə Ərəbistanı tərəfindən fevral-mart aylarında hasilatda könüllü olaraq əlavə ixtisar xəbəri, habelə ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatlarında 8 milyon barel azalma olması barədə məlumatlar yüksək tutur. Ticarətçilərin nikbinliyi həmçinin Corciya ştatındakı seçkilərdə Demokratlar Partiyasının qələbə qazanacağı, başqa sözlə, ABŞ Senatında çoxluq qazana biləcəyi gözləntiləri ilə əlaqələndirilir. NBC, “Associated Press” və bir sıra digər KİV-in proqnozlarına görə, demokrat namizədlər Corciyadan hər iki senator mandatını alacaqlar. “S&P Global Platts” qeyd edir ki, bu, ABŞ iqtisadiyyatının bərpasını və enerjiyə olan tələbini sürətləndirə biləcək yeni iqtisadi stimulun qəbul edilməsinə dair ümidləri dəstəkləyir.

Eyni zamanda, bəzi ölkələrdə epidemioloji vəziyyətlə bağlı narahatlıqlar qalmaqdadır. Yaponiyanın baş naziri Yosihide Suqa cümə axşamı koronavirusa yoluxma sayının artmasına cavab olaraq Tokio və ətraf üç rayonda fövqəladə vəziyyət rejimi tətbiq edildiyini elan edib. Həmçinin KİV-də Çində gündəlik aşkarlanan yoluxma hallarının sayının ötən ilin iyul ayından bəri ən yüksək həddə çatdığı barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi