Dünya bazarında neft qiymətləri səhərkı artımın ardından günortadan sonra enişə keçib.
“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:07-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,53 % azalaraq bir barel üçün 63,83 ABŞ dollarına, may fyuçersləri 0,45 % azalaraq 63,85 dollar/barelə enib.
WTI markalı neftin may fyuçerslərinin dəyəri isə 0,51 % azalaraq bir barel üçün 60,24 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft dünən 1,3-1,6 % ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında orta hesabla 0,7 % bahalaşmışdı.
Treyderlərin diqqəti OPEC+ sövdələşməsinə yönəlib. Bu gün axşam saatlarında OPEC+ Nazirlər Monitorinq Komitəsinin (JMMC) iclası keçiriləcək, alyans yekun qərarı aprelin 1-də OPEC+ razılaşmasının bütün ölkələrinin iclasında verəcək.
Ticarət iştirakçıları həmçinin ABŞ-ın bu gün açıqlanacaq ötən həftə üzrə kommersiya ehtiyatları statistikasının necə dəyişəcəyini də gözləyirlər. Analitiklər ardıcıl altıncı həftə artım olacağını proqnozlaşdırır. Amerika Neft İnstitutu (API) isə ehtiyatların 3,9 milyon barel artacağını gözləyir.